Şeir · Azərbaycan
Külək yenə bu şəhərə
Külək yenə bu şəhərə Deyinə-deyinə gəlib. Qara, kirli buludları, Geyinə-geyinə gəlib.
Kəsir Misri qılınc kimi, Plaşıma bürünmüşəm. Bir küçədən o birinə, İlan kimi sürünmüşəm.
Nə hirsi var, qəzəbi var, Xurcununa yığıb gəlib. Sanki elə bu dəqiqə, İt ağzından çıxıb gəlib.
Covlan edir toz dumanı, Çingizxanın qoşunutək. Yerdən qalxan daş qırığı, Dəyir "makar" qurşunurtək.
Ağzı - burnu köpüklənib, Nərildəyir dəvə kimi. Tuta bilsə linc edəcək, Qovur məni evə kimi.
Soy-kökümdə adam qoymur, Söyür bütün şəcərəmi. Qabağına durmaq olmur, Qırıb-tökür pəncərəmi.
Çölü-düzü əsmə tutub, Ağacları darrayacaq. Çalış sən də çıxma çölə, Belə getsə qarrayacaq.
Külək gəzir səfil-səfil, Külək gəzir veyil-veyil.. Efirlərdə hava haqda, Proqnozlar yaxşı deyil...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kulek-yene-bu-sehere/