Şeir · Azərbaycan
Könlümü göynədən xatirələrdən,
Könlümü göynədən xatirələrdən, Gözümü kiminlə açım, hardasan. Nə qədər hönkürüm şeir diliylə, Nə qədər səninçün acım, hardasan..
Dilim heca-heca adında çaşır, Məni sinəmdəki bu dağdan aşır, Göz yaşım gözümdə Kür kimi daşır, Baş alıb hayana qaçım, hardasan..
Bu sevda tək əlnən çağlaya bilməz, Qələm bu məktubu bağlaya bilməz, Məni sənin kimi ağlaya bilməz, Bəlkə də heç anam,bacım, hardasan..
Nə qədər günəşli bir xəyal qurum, Canımda nəfəsim,gözümdə nurum, Gəlim hansı söznən səcdənə durum, Sultanım,kralım,racım, hardasan..
Alın yazındakı son əyri xəttəm, Ruhsuzam,bir ovuc sümüknən,ətəm.. Dağılıb-talanmış bir məmləkətəm, Taxtım hayandasan,tacım, hardasan..
Özüm-öz oduma bürünüm mənim, Yetərmi can versəm bir ünüm mənim, Hardasan şirindən-şirinim mənim, Hardasan,acımdan-acım, hardasan...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/konlumu-goyneden-xatirelerden/