Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Köhnə görüş yerinə

Ayaz Arabaçı

Köhnə görüş yerinə Qayıtmışam yenə mən. Ürəyimdə fırtına, Gözlərimdə duman-çən. Bir küçə iti də var, Məndən bir az aralı. Sanki o da mənimtək, Məhəbbətdən yaralı. Unudubdu buralar, Sevgimizi büsbütün. Qəhərdən boğuluram, Dadıma yetir tütün. Kökləyib rübabını, Küləklər deyir ağı. Yalamaq istəyirəm, Burdakı toz-torpağı. Gözlərimin önündən, Bəstəboy bir qız keçir. Sanki yaramın üstən, Bir trayler duz keçir. Parlaq naxışlarını, İllər pozmayıb qəti. Necə var qalıb elə, Üzünün məlahəti. Süzülür yanağıma, Dəlisov göz yaşlarım. Bitib tükənmir heç cür, Özümlə savaşlarım. Yaxınlaşır o gözəl, Qıvrım tüklü o itə. Yaranır aramızda, Üçbucaq bir rabitə. İtin çirkli tükləri, Şəfəq kimi parlayır. O qız gözləri məndə, O iti tumarlayır. Birdən yad gəlir hər yan, Qəlbimi qüssə sarır. Məni qanadlarına, Xəyal alıb aparır. İt sonsuz bir kədərlə, Quyruğunu yelləyir. Qara payız buludu, Gözlərimdən selləyir. Doğrudanmı səndin o.

Saytda dərc olunub