Şeir · Azərbaycan
İtər alovunda yaşılın-alın,
İtər alovunda yaşılın-alın, Qaçar başıaçıq,ayağıyalın, İstəyi uğrunda canından keçər, Siz hansı havanı çalırsız-çalın, Bu qızın ürəyi "Vağzalı"yadı..
Puçurdu,sabaha bar sevinci var, Gözündə yanvarın qar sevinci var, Bəlkə də heç bilmir kimin oğludu, Qəlbində bir gizli yar sevinci var, Bu qızın ürəyi "Vağzalı"yadı..
Analar bu gülü seyrə başlayıb, Oğlanlar hamısı şerə başlayıb, Hava yeyib-içmək havasıdı lap, Bu qəfil küləklər xeyrə başlayıb, Bu qızın ürəyi "Vağzalı"yadı..
Anası qışqırır,a səni oxlan.. Dur bir mollaya get,həkimə yoxlan.. Ruhuna yad gəlir ata ocağı. Çapır xəyalında ağatlı oğlan.. Bu qızın ürəyi "Vağzalı"yadı..
İlahi,yazıqdı qərarı sən ver, Kimi verirsənsə könlünə tən ver, Gözəllik sarıdan hər şey veribsən, Azca da bəxtinə çəki-düzən ver, Gör bundan nə gözəl gəlin olacaq, Bu qızın ürəyi "Vağzalı"yadı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/iter-alovunda-yasilin-alin/