Şeir · Azərbaycan
İnşa
Vətəndi,torpaqdı mövzusu bu gün, Oğluma məktəbdən inşa veriblər. Xoşbəxtlik,azadlıq məfhumunu da, gözünə qatıblar qoşa veriblər.
Oturub ikimiz fikirləşirik, Uşaq atasından kömək istəyir. Bu gözəl inşanı gözəl də yazmaq. əslində çox böyük ürək istəyir.
Gərək söhbət açaq ali nizamdan, Yazaq üstümüzdə əsənlər də var. həm də ruzimizi kəsmək bir yana, hətta başımızı kəsənlər də var.
Yalandan zarıyır nəzər dəyməsin, Hamı ucdantutma kef içindədir. Yarısı Rusiyanın bazarlarında, Yarısı Dubayda,yarsı Çindədir.
Əsir küləkləri otuz yeddinin, Açımmı dilimdə kilid dayanıb. Küçədə-bacada gözüm dörd olur, hər addım başında bir it dayanıb.
Allıdı-güllüdü vətən doğrusu, Gözəl zərb-məsəli,öyüdü də var. bu xalqa çatmayan suyu,havası, Nöyütlər içində nöyütü də var.
Nə falçı gərəkdi,nə də münəccim, Bəllidi hər işin sonu indidən. Mən gərək oğluma kömək eləyim, Riyakar öyrədim onu indidən.
Yazdırım vətəni yaxşı sevirik, Körpüyə,dalana şeir yazırıq. Yalançı qəhrəman yetişdiririk, Hər cür ağ yalana şeir yazırıq.
Siz deyin,düzünü necə yazdırım, Nə təhər eləyim çaşıb qalmışam. Sonra müəllimi "iki" yazacaq, Deyəcək,a,bala pis çıxıb inşan.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/insa/