Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İndi sənə nə yazım bu uzun ayrılıqdan,

Ayaz Arabaçı

İndi sənə nə yazım bu uzun ayrılıqdan,Nə yazım, heç bilmirəm, heç nə təsəlli deyil.Daha sözlər özü də yorulubdu qılıqdan,Sənə xoş gələcəkmi heç o da bəlli deyil.

İndi sənə nə yazım, xatirə arxivindən,Səni bir ahu kimi oxuduqca mələdə.Məni işığa çıxart ürəyinin dibindən,Səndə qalan anların dustağıyam hələ də.

İndi sənə nə yazım bu uzun ayrılıqdan,İndi sənə nə yazım qəlbin ovsuna gəlsin.Yəqin ki, istəmirsən qərib könlü qırıqdan,Sözlər qaranquş kimi uçub ovcuna gəlsin.

Bizim də nəğməmizdə notlar eyni gedirdi,Təzə yağan qar üstə qoşa düşən iz kimi.Ən gözəl sevənlərin sonu həmişə birdi-Gecikmiş və tələsmiş iki talesiz kimi.

O isti duyğulardan çıxıb getməyi seçdin,Könlümün ekranında bir ömür zədə qaldın.Sən abzasdan başlayıb başqa cümləyə keçdin,Mənsə bu hekayədə köhnə cümlədə qaldım.

Çıxsaydım bir anlığa bu sonsuz qaranlıqdan,Canla-başla ödərdim ötən günlərə rüsum.İndi sənə nə yazım bu uzun ayrılıqdan,İçimdə qışqırmayan hansı söz var ki, susum.

İndi sənə nə yazım bu uzun ayrılıqdan,Qayıtsın ömrümüzə o eşqin sərxoşluğu..İndi sənə nə yazım söylə, bu saat, bu an,Bir az doldura bilsin aradakı boşluğu..

Saytda dərc olunub