Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İllərdi ki,başımızı axtarır,

Ayaz Arabaçı

İllərdi ki,başımızı axtarır, Papağımız,örpəyimiz eləcə. Qızıl hərflə düşəcəkdir tarixə, Xoruz kimi köpməyimiz eləcə.

Kim oldusa erməniyə aşina, Külü qoyum o adamın başına, Qarışıbdı gözümüzün yaşına, Çörəyimiz-əppəyimiz eləcə.

Mümkün deyil ruhumuzun təmiri, Zay tutulub mayası bu xəmirin, Açılanda özümüzü gəmirir.. Bizə hürür köpəyimiz eləcə.

İçimizin qurumayan gölüyük, Arzuların yanıb getmiş,çölüyük, Ayaq üstə oyalanan ölüyük, Üzə çıxıb kəpəyimiz eləcə.

Ağrı-acı yanımıza susayır, Çulu cırıq canımıza susayır, Gecə-gündüz qanımıza susayır.. Və xanımız,və bəyimiz eləcə.

Həyat busa,ömür busa,dönürük, İşdə türkə,evdə rusa dönürük.. Yavaş-yavaş qlobusa dönürük, Şişib gedir göbəyimiz eləcə..

Alışmayaq çətinliyə-zorluğa, Gizlətməyək başımızı kolluğa, Belə getsə qaranlığa,korluğa, Öyrəşəcək bəbəyimiz eləcə...

Saytda dərc olunub