Şeir · Azərbaycan
İlahiyə gedən yolu bilirəm,
İlahiyə gedən yolu bilirəm, Mən həmişə hüda şeyri yazıram.. Oxuyuram ürəyini xalqımın, Ağrı, nisgil, cüda şeyri yazıram..
Sabahlara daşqın seldən baxıram, Yumruq olmuş min-min əldən baxıram, Bu dünyaya Çənlibeldən baxıram, Qılınc-qalxan, cida şeyri yazıram..
İstəyrəm karvan keçsin it hürsün, Ağrıdağdan, Savalana ötürsün. Kimə hansı sərfəlidi götürsün, Nöqtə, sual, nida şeyri yazıram.
Yandır yansın içim kimi o ağ şam.. Bir ağı de, anam-bacım, bir oxşam.. Ac yatmasın balalarım bu axşam, Uşaqlara qida şeyri yazıram..
Nanəcibdə bir bu qədər baxt qalmaz, Zülmə rəvac tac uzamaz, taxt qalmaz, Sonra birdən nə bilim ey, vaxt qalmaz, Hamınıza vida şeyri yazıram..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ilahiye-geden-yolu-bilirem/