Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İçində "gəl" olsun,elə "yox" de ki,

Ayaz Arabaçı

İçində "gəl" olsun,elə "yox" de ki, Kəsməsin yolumu qadağa kimi, Mənə bir balaca ümid yeri qoy, Süründür bu dağdan o dağa kimi.

Xəyal yel qanadlı bir bölük atdır, Qamətim qarşında gör neçə qatdır, Məni bircə dənə arzuma çatdır, Dolandır başına sadağa kimi.

Dalınca hər şeyi gözə çevirdim, Dilimi ağzımda közə çevirdim, Səni sevdiyimi sözə çevirdim, Qaldırdım ürəkdən dodağa kimi.

Yedim bu dünyanın hər qübarından, Yox olmaz mənimtək kimsə varından, Öpərdim yolları toy mağarından- Gəlin bəzəndiyin otağa kimi.

Qəlbinə,ruhuna yaxşı bük,qoru, Bir şərəf yüküdür,bil bu yük,qoru, Qoruya bilirsən ömürlük qoru, Qoruma sevgini yatağa kimi.

Saytda dərc olunub