Şeir · Azərbaycan
Hərdən əsəblərim yerində olmur,
Hərdən əsəblərim yerində olmur, Heç nədən qan töküb, qada salıram. Qoyub qabağıma yaralarımı, Üstünə duz səpib dada salıram..
Sağ deyil könlümün bir qarışı da.. Almıram vecimə qarı-qışı da, Xətrimi istəyən dost-tanışı da, Özümnən bərabər oda salıram.
Ötüb ayrılığın ilinnən, ötüb, Bəminnən uzaşıb,zilinnən ötüb, Qərib durnaların dilinnən ötüb, Dağlara-daşlara səda salıram.
Bəxt məndən həmişə aralı keçib, İçimdən o qədər yaralı keçib, Göz yaşım Xəzəri, Aralı keçib, İçində adına ada salıram.
Axşamda-səhərdə tək deyiləm ki, Ağuda-zəhərdə tək deyiləm ki, Bu dönük şəhərdə tək deyiləm ki, Səni bütün günü yada salıram..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/herden-eseblerim-yerinde-olmur/