Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Hər gün səndən baş götürüb gedirəm,hər gün,

Ayaz Arabaçı

Hər gün səndən baş götürüb gedirəm,hər gün, Ancaq heç cür səndən uzaq qala bilmirəm. Gecə-gündüz altdan-üstdən silahlanıram, Bu sevdanın qabağını ala bilmirəm.

Yox,səni də götürürəm ehtiyat üçün, Ürəyimin əl dəyməmiş tər yerindəsən. Düzdü səndən baş götürüb gedirəm,ancaq, Günəş kimi yer üzünün hər yerindəsən.

Neçə dəfə qəsdə durub cəhd eləmişəm, Başqaları sənin qədər könlümə yatmır. Təzə,gözəl sözlər üçün baş çatladıram, Amma gücüm hisslərimi təsvirə çatmır.

Dalğaları qan qoxuyan bir ümmandayam, Gündən-günə qərq oluram daha dərində. Sənə verib tale mənim təyinatımı, Dolaşıram evinizin həndəvərində.

Canım elə qurban gedir ayrılığına, Gəlib görsən sevincindən gözün dəyəcək.. Xərçəng kimi ayaq açan bu sevgi mənim, Ürəyimi partlatmamış əl çəkməyəcək..

Saytda dərc olunub