Şeir · Azərbaycan
Hələ "çəkic"lərdə ilişib qalıb,
Hələ "çəkic"lərdə ilişib qalıb, Çoxu "oraq"lardan o yana keçmir. Millət ağ günlərin arzusundadı, O da soraqlardan o yana keçmir..
Bircə gün ayılmır səsimə karlar, Qoy yağsın başıma, qoy yağsın, qarlar, Bu ətli şüarlar, yağlı şüarlar, Dəfə-daraqlardan o yana keçmir..
Hərə bu dünyada boyu qədərdi, Nə boyda yaşasaq sonu hədərdi, Mənim ürəyimin ağrısı, dərdi, Bu ağ varaqlardan o yana keçmir..
Bəllidi ünvanlar, bəllidi postlar, Gəlin aldatmayaq məclisi dostlar, Deyilən sağlıqlar, içilən tostlar, Ucuz araqlardan o yana keçmir.
Çəkilmir gözümün dumanı-sisi, Efirdən yüz dəfə böyürsün İsi, Bu gün vətən eşqi, vətən sevgisi, Şəxsi maraqlardan o yana keçmir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hele-cekic-lerde-ilisib-qalib/