Şeir · Azərbaycan
Gücümü toplayıb aşa bilmirəm,
Gücümü toplayıb aşa bilmirəm, Mənə ən balaca təpə dağ gəlir. Elə yıxıblar ki,tutub-durmağa, Nə ətək tapılır,nə balaq gəlir.
Dəyişib dəyərlər,yaman dəyiib, Ruhunu şeytana şaman dəyişib, Dədə,sən gördüyün zaman dəyişib, Çiçək məclisinə ot-alaq gəlir.
Təptəzə qanunlar sazdadılar ki.. Lüt-üryan buraxıb dazdadılar ki.. Milləti o qədər qazdadılar ki, Hamı bir-birinə badalaq gəlir.
Sonu heç görünmür bu qansızlığın, Uzundu əlləri amansızlığın, Dərmanı tapılmır inamsızlığın, Elə bil ölkəyə yatalaq gəlir.
Əbədi dostumdu ehtiyac indi, Alırlar adamdan canı bac,indi, Nə kəklik anılır,nə turac indi, Birinci sırada yapalaq gəlir..
Bu fətva başında bir kosasaqqal, Çürütdü ömrümü beş-alt naqqal, Daraşıb canıma bir sürü çaqqal, Köməyə nə Bozdar,nə Palaq gəlir..
Baxan tapılmır ki,bax deyəndə də. Alınmır sözünü şax deyəndə də, Durub bircə dəfə haq deyəndə də, Şapalaq dalınca şapalaq gəlir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gucumu-toplayib-asa-bilmirem/