Şeir · Azərbaycan
Görüş verib ləngidirsən, elə, sən,
Görüş verib ləngidirsən, elə, sən, Deyirsən ki yerim yoxdu tələsən, İllərdi ki gözləyirəm gələsən, Gözləyirəm, "ləngini" də götür gəl.
Arzularım mamır qoydu səbirdə, Həyat yoxdu həsrət adlı qəbirdə, İtirdiyim o qızı da və bir də, Sənsiz keçən hər günü də götür gəl.
Heç bir sözün kölgəsində olmayan, Möcüzələr ölkəsində olmayan, O sevginin özgəsində olmayan, Dadını da, rəngini də götür gəl.
Çevirmişəm ömrü-günü xəzələ, Topla məni dağıldığım əzələ, Ürəyinin yaddaşında təzələ, Zəng eləmə, zəngini də götür gəl.
Həyat məni vursun dibə, istəyir, Nə fövqəldi, nə xarüqə, istəyir, Könlüm yaman müharibə istəyir, Bir savaş aç, cəngini də götür gəl.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gorus-verib-lengidirsen-ele-sen/