Şeir · Azərbaycan
Görünsə də uzaqdan
Görünsə də uzaqdan sözünü yemək kimi, Mən əslində geriyə, marağa çəkilmişəm.. Ya sənə verən Allah, ya mənə verən Allah, Daha mən də bu gündən yarağa çəkilmişəm.
Çaldım-çapdım, topladım, tikdim-qurdum, nə gəzir, Ömürüydü, beş günə yatdım-durdum, nə gəzir.. Hamı məni axtarır, yerim-yurdum nə gəzir, Bilinməzə bürünüb, sorağa çəkilmişəm..
Getməz ucuz bazarda o qiymətə baha can.. Dəmir çarıq geyin gəl, sinəmdəki ahacan.. Sənə necə anladım gecələr sabahacan, Saçlarına dönmüşəm, darağa çəkilmişəm..
Ayrılıq, həsrət, filan.. nə qəliz ifadədir.. Qəliz-qəliz dərdlərin formulu çox sadədir, İndi bütün dünyanın mənası bu badədir.. Meyə qucaq açmışam,arağa çəkilmişəm.
Bir az başım açılsın bir tapılaq-beş itək.. Təpikləndim min dəfə inqilabçı nəşitək.. Məlumun olsun ki, mən, bu aralar, vəhşitək. Qələmə sarılmışam, varağa çəkilmişəm.
Dəryadan bir at çıxdı, yoxdu bu ata tay,at.. Məndən səndə nə qalsa, məndən geriyə say,at.. Bundan artıq nə cəza verəsidi ki, həyat. Hər adamı ölmüşəm, hər ağa çəkilmişəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gorunse-de-uzaqdan/