Şeir · Azərbaycan
Durna qatarıdı bir ovuc umud,
Durna qatarıdı bir ovuc umud, Günəş üfüqlərdə manqal közləyir.. Açıq pəncərəmə boylanan bulud, Gözümdən axmağa məqam gözləyir.
Ağrılar sinəmdən keçir uğurla, Nə qədər istəsə yaram, duz ,gedir. Çoxdan unudulmuş köhnə cığırla, Qopub göy üzündən bir ulduz gedir..
Heç nə gərək deyil bu gün ya, mənə, Bəsimdi, bu çöllər ruhumu sevdi.. Əslinə qalanda bu dünya mənə, Yolüstü dəydiyim köhnə bir evdi.
Azalmır, pozulmur zərrəcə nəşəm, Təki bu yollarda yırtım köşəni. Nə bir yol qəlbimi daş eləmişəm, Nə də hisslərimə beton döşənib..
Yüz dəfə, min dəfə küsüm-barışım, Könlüm bir yol bilir, bir cəhət bilir. Mən onun işinə niyə qarışım, Təbiət bu cürə məsləhət bilir.
Hardasa işıqlı bir sözün üstə, Bəlkə də min illik əziyyətim var.. Yalnız gözəlliklər önündə xəstə, Mülayim, farağat vəziyyətim var.
Başımda illərin qatar fitləri, Birində şər qovur,birində xeyir. Yanından ötdüyüm küçə itləri.. Dalımca ağzından çıxanı deyir..
Birtəhər verirəm yola nağılla, Bitmir həsrətimin toy-düyünləri.. Özüm də bilmirəm hansı ağılla, Küləyə sovurdum ötən günləri...
Azalmır başımın dumanı-çəni, İçirəm gecənin gec saatları.. Alıb qanadına gedərdi məni, Sahilə çıxsaydı dəniz atları..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/durna-qataridi-bir-ovuc-umud/