Şeir · Azərbaycan
Dünən gecə görürəm ki, yuxuda,
Dünən gecə görürəm ki, yuxuda, Ucdantutma yorta- yorta gedirəm. Sonra elə əliqanlı tələsik, Taksi tutub, aeroporta gedirəm.
Bütün əyri baxışlarda çəpəm mən, Timsah qorxur tərpənəndə ləpəmdən, Amma biri elə qoyur təpəmdən, Raketkatək uçub korta gedirəm.
Yaşam deyil qara, qanlı savaşdı, Verhaverdi, alhaaldı, şabaşdı, Adam burda ya ayaqdı, ya başdı, Yoxa çıxıb "qızıl orta" , gedirəm.
Bilən bilir, səsi zillik adamam, Salğarında sözü fillik adamam, Dərdə bax ki, əlli illik adamam, Sözüm keçmir iki xorta, gedirəm.
Bu qiyməti hansı fanat artırıb, Havalanıb, qanad-qanad artırıb, Xəyalımda beş-on manat artırıb, Ha gəzməyə, ha kurorta, gedirəm.
Ümidlərim hər sarıdan yelədir, Bəli, dostum, necədirsə, elədir.. İllərdi ki qrafikim belədir, Bir gün işə, beş gün çorta gedirəm.
Həyat olmaz, ömür olmaz bu rəngdə, Mən dözürəm, dözməz buna pələng də, Yaralarım at oynadır ürəkdə, Nə tədilat, nə sığorta, gedirəm.
Sarsılıram, göynəyirəm çox ey, mən, Lap olsam da gecə-gündüz tox, ey, mən.. Bu minvalnan görürəm ki, yox ey, mən, Tam iflasa, tam aborta gedirəm.
Kim tutubsa düz tutmayıb cədvəli, Pozulubdu, gözlənilən hədd, vəli, Mən hesabnan baş kitabda, "dəd" Vəli, Sinif kimi guya orta gedirəm.
Rəfiqlənir, rəşidlənir adamlar, Bir nəzərdə eşitlənir adamlar, O zaman ki çeşidlənir adamlar, Növdən-növə, sortdan-sorta gedirəm.
Açım deyim ürəyimdə qalınca, Yorğun düşüb baş atanda balınca, Arzuların, xəyalların dalınca, Milçək kimi minib torta, gedirəm.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dunen-gece-gorurem-ki-yuxuda/