Şeir · Azərbaycan
Demişdin gələcəm sentyabrda,
Demişdin gələcəm sentyabrda, Çalış, bir az da döz, dekabrda gəl.. Qəzaya aparır birbaşa sürət, Özünü incitmə, xırda-xırda gəl.. Təki o haraya, o səsə yetiş, Girmək istədiyin qəfəsə yetiş, Lap elə sonuncu nəfəsə yetiş, Lap elə hamıdan ən axırda gəl. Bu sevgi daşlaşıb külçəyə dönsə, Ürəyin sinəndə sərçəyə dönsə, Gəlmək ehtimalın gerçəyə dönsə, Çox da qurdalanma orda-burda, gəl. Yoxdu gör gündüzüm, yoxdu gecəm, gör.. Harda ümid varsa sən bizi cəm gör, Səndən nə yeməklər düzəldəcəm gör, Gəl ey, quzu kimi bu ac qurda gəl. Əslində deyilik it qədər azad, Bəsdi bir ömürdə bu qədər təzad, Vecinə olmasın mentalitet-zad, Sən o buxovları özün qır da, gəl. Qəlbinə kim salıb odu, bilirsən, Hər sözün, hər kəlmən "o" du, bilirsən, Gözəlim, sən axı, kodu bilirsən, Alın yazısını oxu, cır da, gəl..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/demisdin-gelecem-sentyabrda/