Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Daha təmiz söhbətə,

Ayaz Arabaçı

Daha təmiz söhbətə, Üzürxahlıq qalmayıb. Dərisini soyublar, Haqda haqlıq qalmayıb.

Sinəsi şuma dönüb, Daşdəmir muma dönüb, Ovulub quma dönüb, Dağda dağlıq qalmayıb.

Hər tərəf mərdimazar, Köhnə nırx-köhnə bazar, İynə-dərman,dərd-azar, Canda sağlıq qalmayıb.

Məktub var krallıqdan, Yarıyan var lallıqdan, Bal çıxıbdı ballıqdan, Yağda yağlıq qalmayıb.

Dara-bara yaxşıdı, Olsa para,yaxşıdı, Yenə qara yaxşıdı, Ağda ağlıq qalmayıb.

Nədi bu taqqaturaq, Ömrü neçəyə quraq, Götür bunu da vuraq, Daha sağlıq qalmayıb.

Saytda dərc olunub