Şeir · Azərbaycan
Daha ipə-sapa yatır bu dəli,
Daha ipə-sapa yatır bu dəli, Daha o qədər də üzü tərs deyil. Danışa bilirsən,bir az da danış, Danış bir azca da,mənə bəs deyil..
Bir olan biri var,"Bir"ə and içim, Ağzımı dalana dirə,and içim, Gəl gedək ən yekə pirə and içim. Mənimki ötəri bir həvəs deyil.
Boynuma saçların dolaşa, narın, Bu gün bayramıdı dolaşaların, Yanımda-yörəmdə dolaşanların, Biri də,sənintək yaxın kəs deyil.
Hər şeyin dadını yalanda bildim Səndən ilk məktubu alanda bildim, Gecələr yuxusuz qalanda bildim, Saat çıqqıltısı adi səs deyil.
Təzə qaysaq tutub köhnə yara, bax, Otur saçlarıma yağan qara bax, Dön, o divardakı kalendara bax, Qurbanlıq qurtarıb,kəsakəs deyil.
Çox elə dərindən sitat gətirmə, Dəlinin birindən sitat gətirmə, Leylidən,Şirindən sitat gətirmə Canım,bu sevgidi,bəhsabəhs deyil.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/daha-ipe-sapa-yatir-bu-deli/