Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Çox elə əzizləmə,ürəyində bu eşqi,

Ayaz Arabaçı

Çox elə əzizləmə,ürəyində bu eşqi, Bir gün çıxıb gedəcək canında ayrılıq var. Gözlərini bağlayan ən gözəl sərxoşluğun, Ən gözəl çırpıntının qanında ayrılıq var.

Salxım gülüşlərini unuda bilər ləbin.. Acısını dadmağa hazırsanmı bu həbin, Bir çevrədə zamanı qovan üç boz əqrəbin, Heç ağlına gəlməyən anında ayrılıq var.

Ürəyin son arzudan şar kimi köpüb keçər, Gələcək xəyalların uzaqdan ötüb keçər.. Təyyarələr,qatarlar gözündən öpüb keçər, Bir də baxıb görərsən yanında ayrılıq var..

Bəzənər ümidlərin yeknəsək bir çalarla, Heç nə geri qayıtmaz təlaşlı ay da..larla, Nə zaman hesablasan riyazi qaydalarla, Yaşanan hər bir eşqin,onunda ayrılıq var.

Bilmirik üzümüzdə heç nə yazılı deyil.. Xəyal gerçəklərinə möhür basılı deyil.. Görünür bu nədisə bizdən asılı deyil, Neyləsək də yolların sonunda ayrılıq var..

Saytda dərc olunub