Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Çıxartmadım yuvasından ilanı,

Ayaz Arabaçı

Çıxartmadım yuvasından ilanı, Mən elə bu acı dillə ucaldım. Həyat məni yox eləmək istədi, Ağrı-ağrı, çillə-çillə ucaldım.

Diş qıcadı, yenilmədim şər itə, Endirmədim papağımı hər itə, Sübutumdu ömür adlı xəritə, Ötən ayla, ötən illə ucaldım.

Barışmadım əyriliklə, haramla, Yaramı da ovundurdum yaramla, Bu mənzilə gəlib çatdım aramla, Bir az bəmlə, bir az zillə ucaldım.

Bəxt ağ atda ötüb keçdi solumdan, Əsirgədi işığını yolumdan, Bir adam da yapışmadı qolumdan, Yavaş-yavaş, pillə-pillə ucaldım.

Nə var durub yağlı-yağlı hürməyə, Bir addımdı azadlıqdan türməyə.. Mən bu ömrü adam kimi sürməyə, Qapaz-qapaz, şillə-şillə ucaldım.

Saytda dərc olunub