Şeir · Azərbaycan
Çevirdim yaşıla,qaraya,ağa,
Çevirdim yaşıla,qaraya,ağa, Dəyişdim dünyanın rəngini hər gün. Dedim əlin dəyər çaşıb bir dəfə, Gözlədim telefon zəngini hər gün.
Donanda bildim ki,min dəfə çoxdu, Həsrətin soyuğu Sibir qışından. Bütün divarlara şəklini çəkdim, Öpdüm daş gözündən,daş baxışından.
Odlara bələdim ürəyimi hey, Yolunda bir kərə şam olsun deyə. Könlümə intihar eşqi də düşdü, Sənə etibarım tam olsun deyə.
Əlimə harda bir xatirə keçdi, Qanadıb sağalmaz yaram elədim. Kəsdim məclislərdən ayaqlarımı, Dünyanı özümə haram elədim..
Gözəldi asılıb qalmaq ümiddən, Bir az da,yaşamaq həvəsini ver. Zəng eə danışma,səhərəcən sus, Dəstəyə eləcə nəfəsini ver...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/cevirdim-yasila-qaraya-aga/