Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Çərpələngtək uçub getdi gəncliyim,

Ayaz Arabaçı

Çərpələngtək uçub getdi gəncliyim, Saçlarımın dən ağrıyan yerindən. İndi sənə bu məktubu yazıram, Tüstü, duman, çən ağrıyan yerindən.

Xatirələr əl altında dururlar.. Üç gündən bir yas məclisi qururlar, Ona görə sağaldıqca vururlar, İkimizin tən ağrıyan yerindən.

Pozulubdu həyatımın düzgüsü, Hardan baxsan düz umudu-düz küsü, Çat veribdi məhəbbətin güzgüsü, Bu dünyanın mən ağrıyan yerindən.

İmkan vermir yaşamağa zəhərlər, İt ağzında oyanıram səhərlər, Qopub getdi yer altına şəhərlər, Ürəyimin sən ağrıyan yerindən.

Nə gəlibsə dəyişmədən yazmışam, Bir yuxu var xeyirliyə yozmuşam, Sənə görə pəhrizimi pozmuşam, Göndər öpüm, ən ağrıyan yerindən..

Saytda dərc olunub