Şeir · Azərbaycan
Çaylar kimi açmamışam
Çaylar kimi açmamışam Qucağımı min bulağa, İllər boyu hisslərimin Qabağına şərt çəkmişəm.. Qoşun-qoşun dalğalardan, Dərin-dərin yarğanlardan, Ürəyimin dörd yanına Sərhəd qurub,sədd çəkmişəm.
Gizləmişdi bənövşətək, Qar altında kollar səni.. Atdı birdən qabağıma, Tale kimi yollar səni.. Elə duydu,elə çəkdi, Elə qucdu qollar səni.. Sən ki,gec-tez gələcəkdin, Bəs mən nədən dərd çəkmişəm.
Hardan baxsam günəş doğur , Həyatıma,sən tərəfdən.. Heç kim məni qınamasın, Havalansam bu şərəfdən.. Ömür dolu bir kitabsan- Endirmişəm qızıl rəfdən. Gözlərindən əhd tutmuşam, Sözlərindən vəd çəkmişəm..
Allah bilər,mən bilmərəm, Mükafatsan ya,cəzasan.. Səmalarda başım dönür, Nə uçaqsan-nə qəzasan.? Hər günümə bir avtoqraf, Hər günümə bir imzasan.. Səni könlüm kitabına, Hamıdan xəlvət çəkmişəm.
Bir arxivdə atıb getdim, Yaşadığım əzabları.. Bir hörümçək toru kimi, Sökdüm,diddim o sapları.. Borcum yoxdu heç bir kəsə Qapamışam hesabları.. Sənə qədər olanların, Üstündən bir xətt çəkmişəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/caylar-kimi-acmamisam/