Şeir · Azərbaycan
Bütün həqiqətlər nağıldı sonda,
Bütün həqiqətlər nağıldı sonda, Bütün nağılların həqiqəti var. Elə nağıllardı yaşadan bizi, Nağlsız bir ömrün nə ləzzəti var.. Mənim bir almalıq nağılım qalıb..
Həyat nə verdi ki,başına dəysin, Mənə nə çatıbsa nağıldan çatıb. Hər yeri bir ağır sükut bürüyüb.. Hamı nağılını danışıb yatıb, Mənim bir almalıq nağılım qalıb.
Uşağa dönməkdi hər şirin nağıl, Mənim qətrə-qətrə durulmağımdı. Divin əlindəki bir gözəl qıza, Qəfil havalanıb vurulmağımdı.. Mənim bir almalıq nağılım qalıb.
Elə hər nağıla inanmırlar ha, Nağıl quraşdırmaq ağıl istəyir.. Məni tanıyanlar,məni sevənlər, Məndən üç almalıq nağıl istəyir- Mənim bir almalıq nağılım qalıb..
Bitdi zənn edərəm hər yeni sevda, Ölü xəyallarım diri tapılar. Yuxulu-yuxulu yoluma çıxıb, Bəlkə də inanan biri tapılar, Mənim bir almalıq nağılım qalıb.
Hər gecə ağrıyan qəlbimi çəkib, İsti qanadının altına alır. Yollarım uzanır Tanrıya qədər, Göylərin sonuncu qatına alır.. Mənim bir almalıq nağılım qalıb.
Hardadı o əllər götürüb basam, Gözümdə Kür kimi sellənən yaşa. Əgər danışmağa adam tapmasan, Gedib danışacam ağaca,daşa, Mənim bir almalıq nağılım qalıb..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/butun-heqiqetler-nagildi-sonda/