Şeir · Azərbaycan
Bütün gecə ulayıbdı qapımda.
Bütün gecə ulayıbdı qapımda. Acı-soyuq küləkləri şəhərin. Bükülmüşəm, yığılmışam qabımda, Gözləmişəm gəlişini səhərin.
Bir aydı ki, canımdakı ağrıdan, Dərmanlarım, ilaclarım bac almır. İndi məni əlli dəfə ağladan, Bircə dəfə güldürməyi bacarmır.
Yollar yorğun dizlərimi düşünüb, Ötüb-keçən günlərimi anır hey. Köhnə sobam səhərəcən üşüdüb, Qızdırmadan alov-alov yanır hey.
Darıxıram, tələsirəm müntəzəm, Həyat sanki çərçivədə şəkildi. Dünən bir az, bədənimdə yem gəzən, Qarışqalar yuvasına çəkildi.
Çoxmu çəkər, azmı çəkər bu səfər.. Yarı yolda yanacağı qurtarar.. Məni harda qarşılayar son səhər, Ömrün harda qanacağı qurtarar? ...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/butun-gece-ulayibdi-qapimda/