Şeir · Azərbaycan
Burda heç Allaha da birbaşa yol qalmayıb,
Burda heç Allaha da birbaşa yol qalmayıb, Addımını atmamış araçı göstərirlər. Elə bil and içiblər sonumuza çıxmağa, Bir şirin göstərəndə min acı göstərirlər.
Yoxdu başqa bir dava, dava yorğan davası, Mötəbərdi millətin buraxması, yavası, Burnundan əyri çıxır hər kimin ki, havası, Baiskarı Yusifi-Sərracı göstərirlər..
İllər boyu ələdim hər üzünə tinəti, Atdan çox, eşşək taxır zər-zibanı, zinəti, Sorsan nə qədər olar adamlığın qiyməti, Utanıb-çəkinmədən hərracı göstərirlər.
Ovulub tökülübdü güvənimin tur yeri, Canımızı qoymağa yoxdu bircə nur yeri. Balaca yüksələndə səsimizimizin gur yeri, Yumruğu, dubinkanı, xəracı göstərirlər.
Daha heç Tanrıda da yoxdu tutmağa ətək, Baldan pətək bağlayır, eşşəkarısı pətək, İş elə gətirib ki, adama nümunətək, , Adını yazammayan əlaçı göstərirlər.
Vəsfinə yoxdur gücüm, bir daha gül ləblərin, Canıma ziyanı var vurduğum qüllabların, Efiri də bir işə yaramır tüllabların, Axşamadək ya lotu, ya hacı göstərirlər..
Kəssə bütün köpəklər birdəfəlik hürməyin.. Çıxacaq bir əmması bunca corab hörməyin, Bu ölkədə cənnəti sağlığında görməyin, İntihardı yeganə əlacı, göstərirlər.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/burda-hec-allaha-da-birbasa-yol-qalmayib/