Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Buludlar yığılıb göydə yas qurub,

Ayaz Arabaçı

Buludlar yığılıb göydə yas qurub, Payız yağışları yağır aramsız. Üzlü qonaq kimi soyuq küləklər, Soxulur içəri salam-kəlamsız.

Havalar çətin ki,düzəlsin daha, Tökülüb başından günəşin teli. Eyni bir not üstə hey zığıldayır, Pəncərəm- küləyin violençeli..

Qara yorğanını atıb çiyninə, Kəsdirib qapının ağzını axşam. Masanın üstündə nəfəs çəkmədən, Üşüyə-üşüyə öləziyir şam.

Sayrışır balaca günəşsayağı, Küçə fənərləri qızıl donunda. Səsi boğazında ilişib qalıb, Üzümə dirənən telefonun da..

Ayın solğun üzü kirli uşaqtək, Baxır yetim-yetim qara buluddan. Sənə dəstə-dəstə qızılgül çıxar, Mənim könlümdəki alovdan-oddan..

Çoxdu sevinməyə bəhanə,çoxdu, Güllər ətirlənər bir də baharda. Keçdi gözlədiyim dayanacaqdan, Keçdi dayanmadı bu intihar da..

İndi mən Allaha yalvarıram ki, Aldığım yaralar izsiz ötüşsün. Qoy bu soyuqluğun,bu ayrılığın, Günahı payızın boynuna düşsün..

Qorxma,uzun çəkməz soyuq havalar, Tozunu alaram həsrətin bu yaz. Çalış ki,ömürlük ayrılıq alma, Özün yüngülləşdir cəzanı bir az...

Saytda dərc olunub