Şeir · Azərbaycan
Bu yanğını heç birində duymadın,
Bu yanğını heç birində duymadın, Nə kamanam,nə qaboyam,nə taram. Dəli-dolu küləklərə qoşulub, Harda olsan qulağına çataram.
Azmı qaldım,dumanında-tüstündə, Azmı məndən,dalaşdın da,küsdün də, Sənin kimi xəzinənin üstündə, İllər boyu ilan kimi yataram.
Bir ömür də qurban olsun bu şansa, Hər telindən xərac verrəm Bizansa, Səndən başqa bir çiçəyə uzansa, Əllərimi dibdən kəsib ataram.
Bir şey olsa ürəyimdən özün at, Hamı naşı,hamı özgə,hamı yad.. Sənə görə dəyərlidi bu həyat, Yoxsa onu üç quruşa sataram..
Dilə məndən nə dilərsən,verim,var. Sanma səndən ayağımı gerim,var.. Cəmi bircə sərnişinlik yerim var, Nə olsun ki,yüz vaqonluq qataram..
Məni məndən silə bilən son aktım- Min dəlilim,min sübutum,min faktım.. Ay şəkərim,ay təzyiqim,infarktım, Sən olmasan bircə günə bataram.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-yangini-hec-birinde-duymadin/