Şeir · Azərbaycan
Bu nə məhəbbətdi, bu nə sevgidi,
Bu nə məhəbbətdi, bu nə sevgidi, Bütövə toxunma, paraya dəymə.?. Yəqin ki, düşməzdi bir şey bilməsə, Düşübdü ayrılıq araya, dəymə.
Sayrışır gözümdə eyni rəqəmlər, Eyni ağrılardı, eyni də qəmlər, Nəyə dəyirsənsə dəy, bu məqamlar, İçimdə boğulan haraya dəymə.
Neynədin o qızı, hara elədin, Bütöv ümidini para elədin.. Sən bu ağ sevdanı qara elədin, Barı heç olmasa qaraya dəymə.
Bu dağı nə cürə yonub çapasan, Məncə unutmaqdı yolu, lap asan, Sən təbib deyilsən çarə tapasan, Dəymə, qəlbimdəki yaraya dəymə.
Mənə nə sevəndə kim necə sevir, Bu tacı yerə sal, bu taxtı devir, Dünyanın altını-üstünə çevir, Amma könlümdəki saraya dəymə.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-ne-mehebbetdi-bu-ne-sevgidi/