Şeir · Azərbaycan
Bu aralar heç kim məndən inciməsin,
Bu aralar heç kim məndən inciməsin, Öz içimdə öz qınımı kəsir tiyəm. Lap istəyir milyon kərə asın-kəsin, Fikirliyəm, narahatam, əsəbiyəm.
Heç olmasa barı bu gün dayandırın, Hansısa bir..oxumasın cıra-cıra.. Vurun qırın ekranını o andırın, Dözəmmirəm efirdəki çal-çağıra.
Havalıyam uzaq durun, uzaq gəzin, Öz-özümdən gizlənirəm sinə-sinə. Bu aralar heç kim məndən inciməsin, Çağırmasın şənliyinə, məclisinə.
Çevrilirəm sübhə kimi yatağımda, Tısbağatək alt düşürəm, üst düşürəm. Dağıdıram əşyaları otağımda, Ağlayıram, hönkürürəm süst düşürəm.
Girovuna çevrilmişəm, min-min səsin, İstəyirəm ölüm, ancaq öləmmirəm. Bu aralar heç kim məndən inciməsin, Heç bir kəsin sevincini böləmmirəm.
Titrədirəm, buz bağlayıb içim qardan, Elədiyim xatalardan utanıram.. Utanıram oğlu şəhid analardan, Oğlu şəhid atalardan utanıram..
Bu aralar heç kim məndən inciməsin, Sağalmamış bu yaralar , heç kim məndən inciməsin..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-aralar-hec-kim-menden-incimesin/