Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Boş yerə illərlə idmana getdim,

Ayaz Arabaçı

Boş yerə illərlə idmana getdim, Boyumdan yuxarı tullanammadım.. Qaldım öz üzümdə,öz sifətimdə, Başqa sifətləri kullanammadım.

Başdan-ayağacan məzədi,hamı, Baxdım,hər təzəynən təzədi,hamı, İçini-çölünü bəzədi hamı, Amma mən heç cürə "full"anammadım..

Bir ağ kəpənəkdi yelkənim yelə, Yüyürdüm atəşə,atıldım selə, Fürsət ayağıma gələndə belə, Heç kimin üstünə çullanammadım..

Almadım vecimə şirin canı da, Kəsmədim içimə axan qanı da.. "Ehtiyac qul edər qəhrəmanı da", Bağışla şairim,qullanammadım..

Bu al,al olmadı,bu ver,ver oldu, Nə Yer Göyə döndü,nə Göy Yer oldu, Axmaqlar hamısı milyoner oldu.. Bu qədər ağılnan pullanammadım...

Saytda dərc olunub