Şeir · Azərbaycan
Bitib mürəkkəbi o qələmlərin,
Bitib mürəkkəbi o qələmlərin, O cür cilvələnən kağız da yoxdur. Dadı bir ayrıydı ötən günlərin, Day,məktub yazmağa o qız da yoxdur..
İndi öləziyən qış günəşidi, Ən isti,ən odlu baxışlar belə. Sanki buludların adi işidi , Mənasız görünür yağışlar belə.
Hamı bel-belədi,qarın-qarına, Könlümü oxşamır məclislər də heç. Yoxdu ürəyimdən barmaqlarıma, Süzülüb tökülən o hisslər də heç.
Öldüm öz gözümdə bir axşamüstü, Amma sağ çıxmışdım neçə davadan. O gözəl duyğular könlümdən küsdü, Yazmağa başladım sudan-havadan..
Bir yerdə çıxardıq dərs otağından. Bu bizdə pozulmaz bir adət idi. Təkcə nəfəsini duyub yaxından, Yanaşı yerimək səadət idi..
Gedərdim,yolunda olsa qan-qada, Qorxaqlıq,namərdlik könlümə yaddı. Onu bircə dəfə öpdüm onda da, Dodağı qızılgül nəğməsi daddı.
Bir gün uçacaqdıq sevincimizdən, Bütün ağrıları unudub,göyə. Tale nəzərini ayırdı bizdən, Bizim xoşbəxtliyi görməsin deyə.
Bu dünya sonralar bələndi yasa, Vardı neçə rəngi,neçə çaları. Bəlkə də saxlayır indi hardasa, Kəpənək qanadlı zapiskaları...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bitib-murekkebi-o-qelemlerin/