Şeir · Azərbaycan
Birdimi, beşdimi, hansını sayım,
Birdimi, beşdimi, hansını sayım, Zərifə, Nəzakət, Minayə,ceyran.. Sənə bənzədiblər gözəl qızları, Vəsfinə yazılıb min ayə, ceyran.
Bildiyin hər hansı üsula gəlmir, Ha şumla, ha becər, ha sula, gəlmir, Bir günə, beş günə hasilə gəlmir, Yetişir yüz aya, min aya, ceyran.
Hərdən limitimiz artıb, azalıb, Canı cismimizdən oyunbaz alıb, Bizdə də az yoxdu xəlvətə salıb, Demişik arada, Ninaya, ceyran..
Yazıb ərz elədim bu şeri nağdı, Hecada qaymaqdı, ritmdə yağdı, Onunku meşədi dərədi, dağdı, Yaraşmır mənzilə, binaya ceyran.
Qoyar qara günə apağımızı, Qaldırar hirsimiz qapağımızı, Düşünsün hərdənbir papağımızı, Gərək əl qoymasın zinaya ceyran..
Hər behi - bazarı şairə düşsün, Qadası, azarı şairə düşsün, Arabir güzarı şairə düşsün, Düşməsin tələyə, minaya, ceyran..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/birdimi-besdimi-hansini-sayim/