Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bircə söz deyərəm, sənə,bircə söz,

Ayaz Arabaçı

Bircə söz deyərəm, sənə,bircə söz, O sözdən bir ömür dalıb gedərsən. Dünyanın nə qədər ləzzəti varsa, Elə o sözdəncə alıb gedərsən..

Hayandan qol atdı, bu tağ, deməzsən.. Dünyanı dördəlli tutaq deməzsən, Düşərsən..bu dərə, bu dağ, deməzsən, Yolları önünə salıb, gedərsən..

Bu yazı bizdən də qədim yazıdı.. Vurulmaq ən şirin can güdazıdı.. Məhəbbət hamının könül sazıdı, Sən də öz havanı çalıb gedərsən.

Dərdindən ürəyim vuranda sağ-sol, Əlimi atanda telefonda ol, Çox yox,çox demirəm, həftədə bir yol, Könlümü abıra salıb gedərsən..

Haqdandı "şu aşkın"fərmanı derlər... Səndədi ruhumun dərmanı derlər, İçimdə məhv olur tarixi yerlər.. Gəlib beş-altı gün qalıb gedərsən

Saytda dərc olunub