Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir vaxtlar mənə elə gəlirdi ki..

Ayaz Arabaçı

Bir vaxtlar mənə elə gəlirdi ki.. möcüzələr baş verəcək.. Yerbəyer olacaq hər şey. Bitəcək sıxıntılar. Hansısa xatirələr qalacaq balaca kirayə damlardan. Qurtaracaq yaxam zəhlətökən,yalançı,yaltaq, adamlardan. Onda hər şeylə doluydum- Qızlarla,siqaretlərlə,kitablarla, dostlarla, dənizlərlə,şəhərlərlə.. Günəşi qaydasında olan səhərlərlə.. İstədiyim anda buxarlana bilirdim qatarlara,gəmilərə,təyyarələrə.. Səmalara,buludlara,səyyarələrə. Hörümçək tor qurmurdu ayaqqabılarımın içində indiki kimi günlərlə. Necə gəldi xərcləyirdim pulumu,səmimiyyətimi. Nağıllardan qopmuş bir həyat düşünürdüm.. Əl qoydular içimdəki zənginliyə, Əl qoydular can atdığım ənginliyə.. Gördülər yıxılmıram, ayaqüstə möhkəm dayanan sözümdən. Rəngləri pozdular ömrümdən Şəfəqləri sökdülər gözümdən.

Saytda dərc olunub