Şeir · Azərbaycan
Bir qoca sevdanın önündə hər gün,
Bir qoca sevdanın önündə hər gün, İkiyə qatlanır ürəyim mənim. Fərqi yox, hayanda olursansa, ol, Oraya atlanır ürəyim mənim.
Qaçaqaç-qovhaqov,tələsdik...olmur, Üstə nanə kimi çox əsdik,olmur, Başından göz yaşı heç əskik olmur, Amma, Yenə də odlanır,ürəyim mənim.
Bir yaşıl çəməndi,hər gülü rəng-rəng, Gəlib öz gözünlə görəsən gərək, Daha ürəklikdən çıxıb bu ürək, Səncə nə adlanır,ürəyim mənim...
Allah olan yerdə bəndə yox olur, Yox olur,dumanda-çəndə,yox olur, Məndə tapılmırsa,səndə yox olur, Demə ki,yadlanır,ürəyim mənim.
Söz desəm,sözümü sözə qoyursan, Hər bir addımımı gözə qoyursan, Eləcə duzlayıb közə qoyursan, Beləcə,dadlanır ürəyim mənim.
Uzaq bir ulduzda sənə qonşuyam, Yetim bir ümidin son quruşuyam, Baxma ki,min ildi qəfəs quşuyam, Sənə qanadlanır ürəyim mənim
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-qoca-sevdanin-onunde-her-gun/