Şeir · Azərbaycan
bir qıza könüllü əsir düşmüşəm
bir qıza könüllü əsir düşmüşəm könlüm bu töhməti şərəf-şan bilir. elə bil avtomat-kalaşnikovdur, ancaq qırğın bilir,ancaq qan bilir.
səsi gələn kimi ürəyim əsir, özülüm titrəyir dirəyim əsir. özü istədiyi cəzanı kəsir. nə qanun hərləyir,nə divan bilir.
olmayan şeyi də üstümə yıxır, özü bilə-bilə canımı sıxır, kefi istəyəndə başıma çıxır, eşqi aramızda nərdivan bilir.
üzülmür ürəyi ürək üzəndə heç belə süslənmir bağda süsən də ay Allah,üzünü görmə küsəndə nə bir qurban olum,nə bir can bilir.
hazırdı gözünü sıxıb getməyə, bir evi-eşiyi yıxıb getməyə, yaxşı ki,hərdənbir çıxıb getməyə, bu qız həsrət adlı bir ünvan bilir.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-qiza-konullu-esir-dusmusem/