Şeir · Azərbaycan
Bir gün urus çalldı,bir gün ingilis,
Bir gün urus çalldı,bir gün ingilis, Bizi yuxulara laylay apardı. Torpağı özümüz yağıya verib, Sonra da dedik ki,haylar apardı..
Çox qızıl vardı ki,zatı misiydi, Bəstəkar,dirijor pisin-pisiydi, Böyüklər hamısı pay hərisiydi, Onunçün bu yurdu paylar apardı.
Yıxıldı qürurum,dağıldı binam, İçimdə heç kimə qalmadı inam, Gah şəhid ağladıq,gah da ki,imam, Bütün ömrümüzü vaylar apardı.
Vətən sevgisini damara çəkdik, Dərdi sığallayıb tumara çəkdik,, Bəxti bir-iki yol qumara çəkdik, Onda da ağıldan zaylar apardı.
Yüz öpüb,yüz əmib,yüz əlləşdirib, Mindilər bu yurdu gözəlləşdirib, Külli-Qarabağı özəlləşdirib, Görünməz həftələr-aylar apardı..
Çəkilib gedəcəm mən də bir azdan, Bu əyri qoşmadan,bu qəmli sazdan.. Qorudum özümü Kürdən-Arazdan, Məni saymadığım çaylar apardı...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-gun-urus-calldi-bir-gun-ingilis/