Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir gün ayılam ki, təfəkkürlərin,

Ayaz Arabaçı

Bir gün ayılam ki, təfəkkürlərin, Sünnüsü qırılıb, şiəsi ölüb. Hardan ki, səpilir nifaq toxumu, O yerin ən əsas üyəsi ölüb..

Nə cikim bəllidi, nə də ki, bikim.. Ləkəmdi tarixdən aldığım "İki"m Mən bu yaraları nə ilə tikim, İynəsi çürüyüb, ciyəsi ölüb.

Çatmaz o yüz tağlı öylərə çatmaz, Ellərə ulaşmaz, köylərə çatmaz, Mənim iltimasım göylərə çatmaz, O sözü Tanrıya deyəsi, ölüb..

Toz bassa yaxşıdı, toz, başınızı.. Yeyin dolmanızı, bozbaşınızı, Boşuna yormayın boş başınızı, İndi çox sualın niyəsi ölüb.

Hülaki bilirdi Biqur tək qalıb.. Di qur bu dünyanı, di qur.. tək qalıb.. Koroğlu lağlağı fiqurtək qalıb, Misri qılıncının tiyəsi ölüb.

Nəyimə gərəkdi nəyin-nəsi var.. Çıxarsın səsini kimin səsi var, Qarşıda məhv olmaq təhlükəsi var.. Milli düşüncənin yiyəsi ölüb..

Saytda dərc olunub