Şeir · Azərbaycan
Bir dəfə də əyilmərəm öz vüqarımdan,
Bir dəfə də əyilmərəm öz vüqarımdan,Həyat məni lap altdan da alta eləsin.Ürəyində nə qisası, nə pisliyi var,Dayanmışam, istədiyi halda eləsin.
Yavaş - yavaş tükənirəm azalır heyim,Vaxt eləyim bir gün dəmir bir çarıq geyim,Gəzim, tapım İxtiyarı, görəndə deyim,Bir gün məni bu qovğadan-qaldan, eləsin.
Qırılsam da, incisəm də ağlım azanda,Qaynasam da vətən adlı bu qır qazanda,Könlüm gərək xalqa dair nəsə yazanda,Barmağının beşini də baldan eləsin.
Bu təntənəm gətiribdi məni bu çağa,Kimlər gülüb keçməyiblər gör, o bıçağa,Baş əymərəm heç bir halda, heç bir alçağa,Lap qanıma yüz dəfə də qəltan eləsin.
Bəndə var ki, fürsət düşsə Allahı damlar,Harda acı bir zəhər var yarama damlar,İndi qardaş, az qalıb ki, murdar adamlar,Sözümüzü başımıza balta eləsin.
Üst düzeydə gündən-günə yüksəlir "tavan",Əlləri bir, yolları bir, işləri rəvan,Məlunlar var o qalıb ki, bir tikə yavan,Çörəyi də boynumuzda xalta eləsin.
Bu bazardı təbirincə ucuz-bahan var,Neynəsən də hökmü zərdi, iki cahan var,Qarşımızda çox şərəfsiz bir imtahan var,Söz verib ki, hamımızı yaltaq eləsin..
Bəs deyilmi ruhumuzu abort eləmək,Bəs deyilmi dərdimizlə flort eləmək,Hünər deyil çölü-düzü kurort eləmək.Oğul odu içimizi Yalta eləsin.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-defe-de-eyilmerem-oz-vuqarimdan/