Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir axşam itilə qanadlarını,

Ayaz Arabaçı

Bir axşam itilə qanadlarını, Heç nədən çəkinmə,mən tərəfə uç. Barı heç olmasa qalan günləri, Sovurub havaya eləməyim puç.

Səhmanı pozulsun acı taleyin, Gəl ki,hər acıdan sonra şirin var.. Düzdü görməsəm də səni heç zaman, Könlümü titrədən səs-səmirin var..

Hər şeydən keçirəm tək sənə görə, Özümü hamıya pis eləyirəm.. Qaçıb gizlənməklə deyil ki,gülüm, Mən səni ruhumda hiss eləyirəm.

Gəl bir az çoxalsın yaşamaq eşqi, Dolanım başına hər gün arıtək. Amma ki,gələndə özün kimi gəl, Gəlmə taleyimə başqalarıtək.

Gəl mənə ömürlük hədiyyə kimi, Qərib durnaların qanadında gəl. Hər qızdan bir çimdik nəsə gətirmə, Mənə öz duzunda,öz dadında gəl..

Saytda dərc olunub