Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir acı həsrətin söyüş yeriyəm,

Ayaz Arabaçı

Bir acı həsrətin söyüş yeriyəm, Nə ölüm qalıbdı,nə dirim...gəlim. Müddəti yoxdumu ayrılığının, Üç aya-beş aya bitirim gəlim.

Səni də mənimtək yoxdu ki,asan... Güc tapıb gəl demək deyilsə,asan, Eləcə soruş ki,haralardasan, Sevincdən başımı itirim gəlim..

Adam şir ovlamaz səhrada "tir"nən, Halım ortadadı iki sətirnən, Gəlmək istəmirəm xala-xətirnən, Hələ də əzizsə xətirim,gəlim..

Susub oturmuşam,nə əlacım var.. Min metr ağrım var min ton acım var, Mənim hər halına ehtiyacım var, Yağmurum-yağışım,çətirim,gəlim..

Kimə sığınmısan bu müşküldə,sən, Sağ qalsam candasan,yansam küldəsən.. Hansı çiçəkdəsən,hansı güldəsən, Hansı bağçadasan ətirim,gəlim..

Dururmu verdiyim gürcü çaxırı, içək-təmizləyək kini,paxırı... Pul tapsam, gedəcəm ayın axırı, Kənddən nə istəsən gətirim gəlim..

Saytda dərc olunub