Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bıçaq vursan bəlkə də çıxmaz heç kimin qanı,

Ayaz Arabaçı

Bıçaq vursan bəlkə də çıxmaz heç kimin qanı, Sıxılır günü-gündən burda adamın canı.. Hanı qazandığımız "o xoş gələcək", hanı, Dərdi nişan verdilər,azarı göstərdilər..

Taleyin düyün-düyün zənci saçı olurmuş, Nəbzini tutmayanda həyat acı olurmuş, Bir cəlladın əlində dar ağacı olurmuş, Adama öz abırı,öz arı,göstərdilər..

Gələndə dağı-daşı belinə alıb gəlir.. Dünyanın hər ağrısı könlümə talib gəlir, Mən elə bilirdim ki,hər vaxt haqq qalib gəlir... Bir miilçəyə qul olan yüz arı göstərdilər..

Dedim iş tapammıram,dedilər ki,bə niyə.. Toyuq saxla,nə bilim,bax qoyuna,inəyə, Ya da get hamı kimi "Sədərəy"ə,"Binə"yə, Topal-zad ha deyilsən..bazarı göstərdlər..

Gördüm beş adam durub,gördüm fənadı halım.. Hər birinə birbəbir ünvanlandı sualım, Yaxşı yaşamaq üçün kimdən məsləhət alım, Şərə quyruq bulayan yazarı göstərdilər..

Sağa sapa bilərəm,sola sapa bilərəm.. Bir də gördün "yüz" vurub şeyxi "papa" bilərəm. Dedim yaxşı bəs haqqı harda tapa bilərəm, Salavat çevirdilər,məzarı göstərdilər..

Saytda dərc olunub