Şeir · Azərbaycan
Beş gün tez olsun, ya gec,çox elə fərq eləməz,
Beş gün tez olsun, ya gec,çox elə fərq eləməz, Xalqımızın sabaha ölməyən inamı var. "Cavanşirəm, Babəkəm" söhbəti nağıl deyil, Bizdə hər bir oğulun şöhrəti var, namı var..
Şahidiyik gör necə ağ yelkənli anların, Hesabını ödətdik tökdükləri qanların.. Şir südüylə böyümüş o igid oğlanların.. Atdığı hər güllədə bu gün zəfər tamı var..
Şuşa, Laçın, Kəlbəcər, könlüm quş qanadlıdır, Sevgim havaya deyil, ünvanlıdır-adlıdır.. Bilirsizmi qələbə niyə belə dadlıdır, Onda vüsal meyi var, onda vüsal camı var..
Qəlbimdən od almasa o məşəl yana bilməz, Vətən bir ayrı şeydi hər adam qana bilməz.. Kimsə çıxıb kiminsə haqqını dana bilməz.. Uşaqdan-böyüyədək bu zəfərdə hamı var.
Ürək bu bal xəbərdən dadıb-daddıracaqmı... Manqallar bu şənliyə kömür çatdıracaqmı.. Bu qədər sevinməyi ömür çatdıracaqmı.. Hələ bunun Bakıda qələbə bayramı var..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bes-gun-tez-olsun-ya-gec-cox-ele-ferq-elemez/