Şeir · Azərbaycan
Bəlkə də bəzi vaxtlar
Bəlkə də bəzi vaxtlar yazdığım şeirləri bəyənmir dostlarım. Hirsləndirir onları aşırı coşqumun pozulmuş ritmləri. Olur ki, könlümün üfüqlərini genişləndirmək üçün başlı-başına buraxıram fikirlərimi. İçimdəki gərginlikdən çıxmağa, kömək olur bu cür şeirlərim. Bir könül rahatlaması, bir özgürlük havası duyuram. Özümü küləklərə sovurub, yağmurlarda yuyuram.. Çox da elə irəli-geri düşünməyə vadar olmuram. Tıxa-basa qafiyələrlə dolmuram.. Qurtuluram bu cür şeirlərnən dəmir barmaqlıqlar arxasındakı sözlərdən. Zarafata çevirirəm həyatı, Unuduram saatı. Xəyalımda o qədər bir-birinə can atan səslər var- Xilas eləyirəm onları ümidsizlikdən. Heç bir üsluba baxmadan, heç bir qanuna tabe olmadan yazıram, Yazıram, altun və şöhrət qoxulu saraylara yürüməsə də.. Yazdıqca sinədolusu nəfəs ala bilirəm. Bu bir az da uzaqdan baxmaq kimidi özünə. Özünə sabahın xeyir demək kimidi..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/belke-de-bezi-vaxtlar/