Şeir · Azərbaycan
Bazar arvadlarıtək veribdilər səs-səsə..
Bazar arvadlarıtək veribdilər səs-səsə.. Səməd Vurğun bağında qaradonlu qarğalar.. Adam-zad saymırlar heç, əsəbləşiblər nəsə, Elə bil onları da soyub bizim darğalar..
Qarğa, pişik, adam, it.. kimin günü xoş keçir.?.. Bir qara zolaq boyu necə gəldi düşüblər.. Quşlara dən səpənlər indi əliboş keçir, Göyərçinlər abrına qısılıb büzüşüblər..
Acından gicəllənib yıxılır daşın üstə, "Pensioner" qumrunun tikəsi gəlmir ələ. Yuvasından başını çıxardıb xəstə- xəstə, Dayanmadan öskürür tər içində bir dələ.
Bunu necə buraxıb əri ölmüş evindən, Lütcə bir xanım keçir yan səkidən kişmişi. Mənə də bir qab çəkir soğançalı kefindən, Parka qulluq eləyən qoca Müzəffər kişi..
Qıraqda söhbətləşir iki polis nəfəri, Boşuna hərlənməkdən adamın başı dönür. Günəş xanım bitirir yer üzünə səfəri, Sonuncu şöləsi də qəfil titrəyib sönür..
Sinəmdə çırpınsa da yaralı durna kimi, Yükləyirəm qəlbimi nə qədər yük götürür.. Külək paslı borunu üfürür zurna kimi, Solda dolu avtobus ağır bir köks ötürür.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bazar-arvadlaritek-veribdiler-ses-sese/