Şeir · Azərbaycan
Basmağa min düymə var,
Basmağa min düymə var, Bircə barmağın altda. Çırpınırıq nə vaxtdı, Qanlı qarmağın altda..
Kimi bab gətirirsən, Rəxti-xab gətirirsən, Necə tab gətirirsən, Bu qədər ahın altda,
Can boğaza yığılır, Adam qaza yığılır, Hərə bir məzə qılır, Düşübsən lağın altda,
Aç ipdən, özünü aç, Sözün var, sözünü aç, Kor olmuş gözünü aç, Bir bax ayağın altda..
Yeyib, şişib artmısan, Çox özünü dartmısan, Min hoqqa çıxartmısan Sən o bayrağın altda..
Bəlkə qurtula ölkəm, Bəlkə soyuya öfkəm, Verələr, didəm-tökəm, Səni Allahın altda..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/basmaga-min-duyme-var/