Şeir · Azərbaycan
Başımızı sallayarıq aşağı,
Başımızı sallayarıq aşağı, Buğdamızı-darımızı döyərik.. Uzaqbaşı özümüzdən çıxanda, Qapımızı-barımızı döyərik..
Şirinlik yox bu ömürdə, nağılsa.. Yerə girsin biz gəzdirən..ağılsa.. Lap dünyanın yarısı da dağılsa, Dəfimizi-tarımızı döyərik..
Bilirsənmi nə deyirəm, mamaşa, Tamaşadı hər işimiz tamaşa.. Milçəkləri çıxardarıq ta başa.. Bal gətirən arımızı döyərik..
Ölkə tamam dəyirmandı-Həsənsox.. Həyat eşqi bəzən azdı, bəzən,çox.. Bu dünyadan inciyəndə biz ən çox, Dostumuzu-yarımızı döyərik..
Könlümüzdə qasırğalar çağlayar, Bir qara div yolumuzu bağlayar.. Uduzanda uşaq kimi ağlayar, Topumuzu-şarımızı döyərik..
Neçə şərin avazına minbərik.. Hər deyəndə cin atına minmərik. Dərimizi soyanlara dinmərik, İçib gəlib,qarımızı döyərik..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/basimizi-sallayariq-asagi/